Azərbaycan Polşa ilə ticarət dövriyyəsinin artırılmasında maraqlıdır. Bunu prezident İlham Əliyev deyib.
"Biz Polşa ilə ticarət dövriyyəsinin artırılmasında maraqlıyıq və bu istiqamətdə konkret addımlar atılır", - deyə dövlət başçısı bu gün Bakıda keçirilən Azərbaycan-Polşa biznes forumunda bildirib.
Onun sözlərinə görə, ötən il Polşada Azərbaycan Ticarət Evi açılıb.
İ.Əliyev, həmçinin Azərbaycanda qeyri-neft sektorunun inkişafına xüsusi diqqətin ayrılmasına toxunaraq qeyd edib ki, Polşa ilə kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanlar var.
Öz növbəsində, Polşa prezidenti Andjey Duda qeyd edib ki, Azərbaycan Polşa şirkətləri üçün cəlbedici ölkədir.
O, ölkəsinin Transxəzər daşımalarında iştirak etməkdə maraqlı olduğunu vurğulayıb və gələcəkdə ticarət dövriyyəsinin artacağına ümidvar olduğunu deyib.
Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2018-ci ildə Polşa ilə ticarət dövriyyəsi $104 mln. təşkil edib ki, bunun da $96,1 mln.-u Azərbaycana idxalın payına düşüb. 2019-cu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarət dövriyyəsi $25 mln. təşkil edib.*
Ə.Məmmədov