SOCAR və Türkiyənin TEKFEN şirkəti Azərbaycanda yeni Karbamid zavodunun tikilməsinə dair Anlaşma Memorandumu imzalayıb.
SOCAR-ın məlumatına görə, gündəlik istehsal gücü 1200 ton ammonyak və 2000 ton karbamid həcmində olan zavodun Sumqayıtda tikintisi planlaşdırılır.
Sənədi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və TEKFEN şirkətlər qrupunun İdarə Heyətinin sədri Murat Gigin imzalayıblar.
“Yeni zavodun parametrləri TEKFEN ilə birgə aparılacaq təhlil nəticəsində daha ətraflı şəkildə müəyyən ediləcək. Bu təhlil çərçivəsində sözügedən layihənin rentabelliyi də müəyyənləşdiriləcək", - deyə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili Departamentinin rəis müavini İbrahim Əhmədov "İnterfaks-Azərbaycan" agentliyinə bildirib.
Onun sözlərinə görə, Türkiyə bazarı böyükdür və xüsusilə nəzərə alsaq ki, TEKFEN-in törəmə strukturu Türkiyə bazarında karbamid satışı ilə məşğul olur, bu halda ikinci karbamid zavodunun tikintisinə zərurət yarana bilər.
Məlumatda qeyd olunur ki, sənədə əsasən, növbəti mərhələdə şirkətlər arasında İşçi Qrup yaradılacaq və yeni zavodun inşası ilə bağlı yekun qərarın verilməsi üçün aşağıdakı məsələlər təhlil ediləcək: Tekfen Contracting Qrupuna daxil olan şirkətlərin sözügedən zavoddakı obyektlərin tikintisində EPC (mühəndislik, satınalma və inşaat-montaj) əsasında mümkün iştirakı; tikiləcək obyektlərdə istehsal edilməsi planlaşdırılan və əlavə dəyər yaradacaq məhsulların marketinq, satış və paylanması işlərinin “Tekfen”in Türkiyə bazarında geniş diler şəbəkəsinə malik törəmə şirkəti “Toros Tarım” tərəfindən aparılması, yeni məhsulların inkişafı və dünyanın müxtəlif regionlarında bazara çıxarılması perspektivinin effektivliyi; yeni Karbamid zavodunda SOCAR və “Tekfen”in ortaq səhmdarlar qismində iştirak etməsi.
Xəbər verildiyi kimi, SOCAR 2019-cu il yanvarın 16-da Sumqayıtda Karbamid zavodunu işə salıb. Müəssisə ammonyak, karbamid və dənəvər karbamid istehsalı bölmələrindən ibarətdir. Zavodun sutkalıq istehsal gücü 1,2 min ton ammonyak və 2 min ton karbamid təşkil edir.
Zavodun ümumi tikinti dəyəri 780 mln. avro təşkil edib, dövlət büdcəsindən 197 mln. avro ayrılıb, maliyyələşmənin 500 mln. avro hissəsi kredit hesabına həyata keçirilib. Həmçinin layihə ilə bağlı vergi və rüsumların, habelə digər xərclərin ödənilməsi məqsədi ilə SOCAR tərəfindən 80-85 mln. avro məbləğində vəsait ayrılıb.
Zavodda illik 650 min ton karbamid istehsal olunacaq. Bu məhsulun 500 min tonu ixrac üçün nəzərdə tutulur.
Karbamid ixracının ölkəyə hər il $160 mln. gəlir gətirəcəyi proqnozlaşdırılır.*
N.Abbasova