Rəsmi Bakı bəyan edir ki, Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsinin əsas səbəbi və regional təhlükəsizliyə təhdid məhz Ermənistan tərəfindən Azərbaycan ərazilərinin davam edən işğalıdır.
“ErmənistanXarici İşlər Nazirliyinin Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttindəki sonuncu vəziyyətlə bağlı olduqca emosional və bir o qədər ziddiyyətli bəyanatı hazırda həmin ölkədəki daxili vəziyyətə reaksiyanı əks etdirir”, - Azərbaycan XİN-in mətbuat xidmətinin Ermənistan XİN tərəfindən Bakının ünvanına ittihamlara cavab olaraq bəyanatında deyilir.
Rəsmi Bakı vurğulayıb ki, baxmayaraq ki, Ermənistan xarici işlər nazirləri səviyyəsində növbəti görüşə razılıq verib, reallıqlar dəyişməz qalır: Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərinin işğalını davam etidirir.
“Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş torpaqlarından çıxmalıdır. Gələcəkdə Ermənistana kimin rəhbərlik etməsindən asılı olmayaraq bölgənin gələcək inkişafı üçün digər alternativ mövcud deyil", - bəyanatda qeyd edilir.
"Ermənistan tərəfi etiraf etməlidir ki, insan itkisinin, fəlakətlərin və qarşılıqlı nifaqın səbəbi məhz Ermənistanın təcavüzkar siyasəti və Azərbaycan ərazilərini işğal altında saxlaması və bu ərazilərdə yaşayan yerli azərbaycanlıların etnik təmizlənməsi siyasətidir. Ermənistan hər hansı digər uydurma səbəb axtarmağa vaxt sərf etməməli və beynəlxalq ictimaiyyətin də tələblərinə uyğun olaraq münaqişənin həllində nəticəyə yönəlik addımlar atmalıdır", - Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti vurğulayır. **
R.Babayev