Azərbaycan 2019-cu ilin birinci rübündə Türkiyəyə "Şahdəniz" yatağından hasil edilmiş 2 mlrd. 264,23 mln. kubmetr qaz ixrac edib ki, bu da 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 31,5% çoxdur. Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun məlumatında deyilir.
Mart ayında Türkiyəyə qaz tədarükünün ümumi həcminin 772,64 mln. kubmetri və ya 17,98%-i Azərbaycan qazının payına düşüb.
Bu dövrdə Türkiyəyə 4 mlrd. 296,13 mln. kubmetr (2018-ci ilin mart ayı ilə müqayisədə azalma 9,09%) qaz ixrac edilib. 3 mlrd. 3,95 mln. kubmetr boru kəməri qazının (bütün tədarükün 69,92%-i), 1 mlrd. 292,17 mln. kubmetr isə LNG-nin payına düşüb (30,08%). Hesabat dövründə Azərbaycanla yanaşı, İran və Rusiyadan da boru kəməri ilə qaz nəqli həyata keçirilib.
2018-ci ildə Azərbaycan Türkiyəyə 7 mlrd. 521,15 mln. kubmetr qaz ixrac edib.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), ARDNŞ (16,7%), "LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.**
N.Abbasova