Dövlət Turizm Agentliyi (DTA) Azərbaycanda turizmin inkişafı ilə bağlı problemləri müəyyən edib. Bu barədə jurnalistlərə agentliyin Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov bildirib.
“Aprel ayında biz Azərbaycanın 15 rayonunda səfərdə olmuşuq. Səfər zamanı 300-ə yaxın sahibkarla görüşərək onların problemlərini öyrənmişik”, - deyə o bildirib.
Şöbə müdirinin sözlərinə görə, bölgələrdə turizmin inkişafını ləngidən səbəblər arasında yol infrastrukturunu, kommunl xidmətləri, eləcə də bəzi inzibati prosedurları qeyd etmək olar. Bundan başqa, sahibkarlar müəyyən güzəştlər əldə etmək istəyirlər”, - deyə o vurğulayıb.
Yerli turizm obyektlərində qiymətlərin yüksək olmasına toxunan M.Muradov deyib ki, regionlarda yeni 2 və 3 ulduzlu otellər tikilməli, bəzi xərclərin azaldılması üçün dövlət dəstəyi göstərilməlidir. Çoxlu sayda əcnəbi turistin cəlb edilməsi isə turizm obyektlərində qiymətlərin ucuzlaşmasına müsbət təsir göstərəcək”, – deyə o əlavə edib.*
B.Rüstəmbəyov