Azərbaycan və “Boeing” korporasiyası 10 ədəd “Boeing 737 MAX8” təyyarəsinin tədarükünə 2024-cü ildə başlanılması ilə bağlı danışıqlar aparır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Azərbaycan Hava Yolları” (AZAL) QSC-dən məlumat verilib.
“Hazırda “Boeing” korporasiyası ilə “Boeing 737 MAX8” təyyarələrinin tədarükünə başlanılması ilə bağlı danışıqlar davam edir. Müqavilənin reallaşdırılma tarixinin 2019-cu ildən 2024-cü ilə keçirilməsi planlaşdırılır”, - deyə məlumatda bildirilir.
AZAL artıq müqavilə üzrə ilkin ödəniş həyata keçirib ki, bu da 2024-cü ildə korporasiya tərəfindən nəzərə alınacaq.
“Boeing” korporasiyası ilə yeni geniş füzelyajlı təyyarələrin tədarükü haqqında da danışıqlar aparılır. “Azərbaycan Hava Yolları” özünün mövcud təyyarə parkından fəal şəkildə istifadə edəcək. Aviaşirkətin parkı “Boeing”, “Airbus” və “Embraer” kimi aparıcı istehsalçıların müasir təyyarələrindən ibarətdir”, - deyə məlumatda qeyd olunur.
2017-ci ilin aprel ayında Azərbaycanın "Silk Way Airlines" aviaşirkəti və Amerikanın "Boeing" Korporasiyası 10 ədəd “Boeing 737 MAX-8” sərnişin təyyarəsinin alınmasına dair müqavilə imzalayıb. "Azərbaycan Hava Yolları" sözügedən təyyarələrin operatoru olmalı idi. Müqavilənin ümumi dəyəri təxminən $1 mlrd. təşkil edib. Müqavilə çərçivəsində təyyarələr Azərbaycana 3 il ərzində gətirilməli idi.
Müqavilə sözügedən təyyarələrin təhlükəsizliyi ilə bağlı səbəblərdən ləğv olunub.
Qeyd edək ki, son zamanlar “Boeing 737 MAX8” təyyarələrinin qəzaya uğraması nəticəsində bir sıra aviaşirkətlər bu təyyarələrdən istifadəni müvəqqəti dayandırıb.
Hazırda AZAL “Boeing 787”, “Boeing 767”, “Boeing 757”, eləcə də “Airbus 340”, “Airbus 320”, “Airbus 319” və “Embraer 190” təyyarələrini istismar edir.*
N.Abbasova