Prezident İlham Əliyev Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib.
“Sizi mübarək Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram”, - dövlət başçısının saytında dərc olunan təbrik məktubunda deyilir.
Prezident vurğulayıb ki, “bəşər övladını xeyirxahlığa, birliyə, mənəvi kamilliyə dəvət edən, öz mahiyyəti ilə insanların ruhunu təzələyən” Ramazan ayı dünya müsəlmanlarının ən əziz ayıdır.
Məktubda qeyd olunur ki, Azərbaycan İslam sivilizasiyasının tərkib hissəsi kimi bəşəriyyətin mədəni irsinə öz töhfələrini vermiş, böyük alimlər və mütəfəkkirlər yetişdirib.
“İslam və onun mahiyyətindən irəli gələn sülhpərvərlik, dözümlülük, bərabərlik, qardaşlıq və bu kimi dəyərlər Azərbaycanda tolerantlıq mühitinin, cəmiyyətdə vəhdət və harmoniyanın yaranmasında, multikulturalizm və humanizm ideyalarının bərqərar olmasında müstəsna rol oynayıb”, - prezident bildirib. **
R.Babayev