Azərbaycan Avropa İttifaqı (Aİ) vətəndaşları üçün viza rejimini sadələşdirməyi planlaşdırır. Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.
"Aİ ölkələrindən turist axınının artırılması üçün viza rejiminin sadələşdirilməsi və turistlərə vizanın Azərbaycana gəldikdən sonra aeroportlarda verilməsi ilə bağlı danışıqlar aparılır", - deyə o, bu gün jurnalistlərə bildirib.
Sədr qeyd edib ki, Azərbaycan tərəfi altı istiqamətdə turistlərin sayının artırılması üzrə iş aparır. Xüsusilə yay mövsümündə Azərbaycana Aİ ölkələrindən, Çin və Hindistandan turist axını gözlənilir.
O deyib ki, Cənubi Koreyanın turizm bazarı da Azərbaycanın prioritet istiqamətlərindən biridir.
“Biz yaxın zamanda Turizm Agentliyinin Cənubi Koreyada nümayəndəliyini açmağı planlaşdırırıq”, - deyə F.Nağıyev vurğulayıb.
Onun sözlərinə görə, hazırda agentliyin nümayəndələri Seulda bu məsələ ilə bağlı danışıqlar aparırlar.
F.Nağıyev, həmçinin qeyd edib ki, ilin sonunadək Azərbaycana turist axınının 8-12% artacağı proqnozlaşdırılır. "Ən çox turistin Asiya ölkələri, Çin və İsraildən olacağı gözlənilir", - deyə o bildirib.*
F.İsazadə