Dövlət Sərhəd Xidməti (DSX), Dövlət Gömrük Komitəsi (DGK) və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərlikləri bu gün Samur çayı üzərində avtomobil körpüsünün tikintisinə baxış keçiriblər. Bu barədə DGK-nın məlumatında deyilir.
“İyunun 7-də Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhədində yerləşən "Samur" gömrük-sərhəd buraxılış məntəqəsinə və Samur çayı üzərində avtomobil körpüsünün tikintisinə baxış keçiriblər”, - deyə məlumatda bildirilir.
Yeni körpünün inşası yaxın vaxtlarda başa çatdırılacaq. Körpünün uzunluğu 325,3 metr, eni 17,3 metr təşkil edəcək.
“Yeni körpünün açılması nəqliyyat vasitələrinin sərhəd keçidlərindən daha tez buraxılmasını təmin edəcək ki, bu da gələcəkdə iki ölkə arasında daşımaların həcminin artmasına xidmət göstərəcək”, - deyə məlumatda qeyd olunur.
Son zamanlar sərnişin və yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artması, həmçinin Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının daşınması baxımından sərhəd təhlükəsizliyinin təminatı tədbirlərinin gücləndirilməsi diqqətə çatdırılıb.
Samur çayı üzərində avtomobil körpüsü 2019-cu ilin noyabr ayında istismara veriləcək. Tikinti işlərinin dəyəri 36,5 mln. manat təşkil edir.
Körpünün tikintisi Rusiya və Azərbaycan hökumətləri arasında 2013-cü ilin avqust ayında imzalanan saziş çərçivəsində həyata keçirilir.
Yeni körpü 1957-ci ildə inşa edilmiş körpünü əvəz edəcək.*
R.Babayev