2019-cu ilin yanvar-aprel aylarında Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 0,1% - 13 mlrd. 11,4 mln. manatadək azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Mayın əvvəlinə vaxtı keçmiş kreditlərin həcmi 1 mlrd. 503,8 mln. manat (ilin əvvəlindən azalma 5,1%) və ya bütün kreditlərin 11,6%-ni təşkil edir.
2019-cu il aprelin 30-na dövlət payına malik olan banklar tərəfindən 2 mlrd. 131,9 mln. manat (artım 1,6%) və ya bütün kreditlərin 16,4%-i, özəl banklar tərəfindən 10 mlrd. 542,9 mln. manat (artım 0,1%) və ya bütün kreditlərin 81%-i həcmində kredit verilib. Qalan məbləğ bank olmayan kredit təşkilatlarının payına düşür.
2019-cu il aprelin əvvəlinə verilmiş kreditlərin ümumi həcmindən 8 mlrd. 368 mln. manat (artım 3,6%) milli valyuta, 4 mlrd. 643,4 mln. manat (azalma 6,1%) xarici valyuta ilə verilib. Cari ilin aprel ayının sonuna xarici valyutada kreditlərin xüsusi çəkisi 35,7% (2018-ci ilin sonuna 38%) təşkil edir.
2019-cu il aprelin 30-na bankların kredit qoyuluşlarının strukturunda 2 mlrd. 274,2 mln. manat (bütün kreditlərin 17,5%-i) ticarət və xidmət sahələrinin, 447,9 mln. manat (3,4%) energetika, kimya və təbii sərvətlər sektorunun, 479,5 mln. manat (3,7%) kənd təsərrüfatı və emal sahələrinin, 357,4 mln. manat (2,7%) tikinti və daşınmaz əmlak sahələrinin, 763,7 mln. manat (5,9%) sənaye və istehsal sektorunun, 1 mlrd. 271,9 mln. manat (9,8%) nəqliyyat və rabitə sahələrinin, 5 mlrd. 515,8 mln. manat (42,4%) ev təsərrüfatı sahəsinin, qalan məbləğ isə digər sektorların payına düşüb. Hesabat dövründə bankların ev təsərrüfatı sahəsinin kreditləşdirilməsi üzrə portfeli 3,9% artıb.*
Ə.Məmmədov