İyulun 18-dən etibarən Qazaxıstanın Azərbaycandan beşinci “hava azadlığı” hüququnu qazanan “SCAT Airlines” aviaşirkəti Bakı–Şarm əl-Şeyx marşrutu üzrə həftəlik reyslər həyata keçirəcək. Bu barədə “İnterfaks-Azərbaycan”a Misirin Bakıdakı səfirliyindən məlumat verilir.
“Bakı–Şarm əl-Şeyx marşrutu üzrə birbaşa reys Sunday Airlines turizm brendi altında “SCAT” aviaşirkəti tərəfindən Boeing 757-200 təyyarəsi ilə həyata keçriiləcək. İlk uçuş iyulun 18-də baş tutacaq və hər cümə axşamı yerinə yetiriləcək”, - agentliyin həmsöhbəti bildirib.
Onun sözlərinə görə, turlar 7 gündən 14 günədək davam edəcək.
Xəbər verildiyi kimi, “Azərbaycan Hava Yolları”nın prezidenti Cahangir Əsgərov Bakıda Misirin Azərbaycandakı səfiri Adel İbrahim Ahmed İbrahim ilə görüş zamanı bildirib ki, yeni xarici aviaşirkətlərin cəlb edilməsi və yeni aviareyslərin açılması istiqamətində aktiv iş davam edir.
Hazırda 26 sərnişin aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportuna birbaşa aviareys yerinə yetirir.
2016-cı ilin iyun ayında Misirin “Air Cairo” aviaşirkəti Şarm Əl-Şeyx-Bakı birbaşa reys açıb. Lakin iyulun 4-dən bu reys ilə uçuşlar dayandırılıb. Bu qərar həmin marşrut ilə uçuşlara tələbatın az olması ilə əlaqədardır. Həmin dövrdən etibarən tərəflər birbaşa uçuşların bərpasına dair müzakirələr aparıb. **
F.İsazadə