Britaniyanın "Anglo Asian Mining" şirkəti (ААМ – Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator – İF-Az) 2018-ci ildə fəaliyyətin yekunları üzrə səhmdarlara dividendlərin ödənilməsi prosesini cari ilin iyul ayında başa çatdıracaq. Bu barədə şirkətin məlumatında deyilir.
“Şirkətin 2018-ci ildə Azərbaycandakı fəaliyyəti ilə əlaqədar dividendlərin məbləği bir səhm üçün 0,07 sent təşkil edəcək. Bir səhm üçün 0,03 sent məbləğində ilk dividendlər səhmdarlara ötən ilin payızında ödənilib. 2018-ci il üçün dividendlərin final (ikinci) hissəsi (bir səhm üçün 0,04 sent) iyunun 20-də “Anglo Asian Mining”in illik ümumi yığıncağında təsdiqlənməlidir”, – deyə məlumatda bildirilir.
Final dividendlər çərçivəsində səhmdarlara $4,6 mln. ödəniləcək.
Production Sharing Agreement (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanıb və 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir. Müqaviləyə görə, bu yataqlardan 400 ton qızıl və 2,5 min ton gümüş hasilatı planlaşdırılır.
“Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb. Şirkət 2013-cü ilin III rübündə “Qoşa” yatağından, 2015-ci ilin yayında “Qədir” yatağından, 2017-ci ilin sentyabr ayında isə “Uğur” yatağından qızıl hasilatına başlayıb.*
N.Abbasova