2019-cu ilin yanvar-aprel aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) agent bankları tərəfindən 73,6 mln. manat məbləğində ipoteka krediti verilib ki, bu da 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 2,4% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Eyni zamanda, aprel ayında Fondun agent bankları tərəfindən 20,9 mln. manat məbləğində ipoteka krediti verilib.
AMB-nin məlumatına görə, 2019-ci ilin yanvar-aprel aylarında İKZF 100,5 mln. manat krediti təkrar maliyyələşdirib (2018-ci ilin yanvar-aprel ayları ilə müqayisədə artım 46,5% - İF).
Hesabat dövründə fond sosial ipotekanın maliyyələşdirilməsi üçün dövlət büdcəsindən vəsait almayıb.
Bu dövrdə həmçinin Fond istiqrazların yerləşdirilməsindən 20 mln. manat cəlb edib.
2018-ci ildə fondun agent bankları tərəfindən 272,5 mln. manat məbləğində ipoteka krediti verilib.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimum məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir.**
Ə.Məmmədov