Gürcüstanın iqtisadi inkişaf naziri Natiya Turnava bəyan edib ki, “Qazprom” heç vaxt ölkənin qaz bazarında hakim mövqe tutmayacaq, bu sahədə ölkənin strateji tərəfdaşı Azərbaycandır.
“"Qazprom"un Gürcüstanda hakim mövqe tutmasından söhbət getmir, gedə bilməz və heç vaxt da getməyəcək", - deyə N.Turnava iyunun 7-də Gürcüstan parlamentində çıxışı zamanı bu il Rusiyadan təbii qaz tədarükünün bərpası ilə bağlı suala cavab olaraq bildirib.
Nazirin sözlərinə görə, Gürcüstan təbii qaza olan tələbatını əsasən Azərbaycandan idxal hesabına ödəyir və ödəyəcək.
O qeyd edib ki, Gürcüstanın 2019-cu il üçün müəyyən etdiyi 2,5 mlrd. kubmetrdən çox həcmdə təbii qaz balansının 95%-ə qədəri Azərbaycan qazının payına düşür.
"Azərbaycan bizim strateji tərəfdaşımız olaraq qalır və Azərbaycandan qazı iki mənbədən alırıq: bu, tranzit ölkə kimi bizə aid olan kvota (“Şahdəniz” layihəsi çərçivəsində) və SOCAR tərəfindən tədarük olunan və strateji istehlakçılarımızın - əhali və istilik elektrik stansiyalarının təchiz edildiyi qazdır", - deyə N.Turnava vurğulayıb.*