2019-cu ildə Sankt-Peterburq və Yekaterinburq şəhərlərində Azərbaycan şərab evləri açılacaq. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bunu nazir Şahin Mustafayev deyib.
“Hazırda Rusiyada “Azərbaycan nemətləri” mağazalar şəbəkəsinin yaradılması layihəsi həyata keçirilir. Layihə çərçivəsində ilk mağaza bu ilin martında Moskvada açılıb. Rusiyanın digər şəhərlərində də bu cür mağazaların açılması planlaşdırılır”, - deyə nazir 23-cü Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində keçirilən biznes dialoqda bildirib.
O qeyd edib ki, Azərbaycan Rusiyanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır.
“Ötən il Rusiyanın Cənubi Qafqaz ölkələri ilə ümumi ticarət dövriyyəsinin 43%-i Azərbaycanın payına düşüb. Ötən il Rusiya ilə ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 19% artaraq 2,5 milyard dollara çatıb. Bu ilin yanvar-aprel aylarında ticarət dövriyyəsinin 23%-lik artımına nail olunub”, - deyə Ş.Mustafayev vurğulayıb.
Nazir qeyd edib ki, Pirallahı Sənaye Parkında əczaçılıq müəssisəsinin yaradılması, Gəncə Avtomobil Zavodunun Rusiyanın “Kamaz” və “Ural” zavodları ilə əməkdaşlığı, “Azərmaş” və “QAZ” şirkətləri arasında birgə layihələrin həyata keçirilməsi qarşılıqlı sərmayə yatırılması sahəsində əhəmiyyət kəsb edir.
Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin qeyd edib ki, iki ölkə arasında iqtisadi-ticarət əməkdaşlığının inkişafı üçün böyük imkanlar var və bu müsbət meylin gücləndirilməsi üçün səylər daha da artırılacaq.
“Rusiya Azərbaycandan kənd təsərrüfatı məhsullarının ixracını artırmaq niyyətindədir”, - deyə rusiyalı nazir bildirib və iş adamlarını yaradılmış imkanlardan daha səmərəli istifadə etməyə dəvət edib.*
R.Babayev