2019-cu ilin yanvar-aprel aylarında Azərbaycanda sığortaçıların ümumi sığorta haqları 265 mln. 296,5 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 12% azdır. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) məlumat verilib.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə sığorta haqları 176 mln. 202,4 min manat (azalma 20,2%) və ya bazar üzrə bütün sığorta haqlarının 66,4%-ni təşkil edib. Sığortaçıların həyat sığortası üzrə sığorta haqları 72 mln. 480,8 min manat (azalma 37,3%), qeyri-həyat sığortası üzrə sığorta haqları 103 mln. 721,6 min manat (azalma 1,5%) təşkil edib.
Yanvar-aprel aylarında icbari sığorta növləri üzrə sığorta haqları 89 mln. 94,1 min manat (artım 10,6%) təşkil edib.
Hesabat aylarında sığortaçılar könüllü tibbi sığorta (60,202 mln. manat), həyatın yaşam sığortası (59,05 mln. manat) və AVSMMİS (29,192 mln. manat) üzrə daha çox sığorta haqqı toplayıblar.
Cari ilin 4 ayı ərzində sığortaçılar sığorta hadisələri üzrə ödənişlərə 66 mln. 651,2 min manat yönəldiblər ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 15,1% azdır.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə ödənişləri 43 mln. 346,3 min manat (azalma 23,9%) və ya bazar üzrə bütün ödənişlərin 65%-ni təşkil edib. Həyat sığortası üzrə ödənişlər 20 mln. 970,5 min manat (azalma 32%), qeyri-həyat sığortası üzrə ödənişlər 22 mln. 375,8 min manat (azalma 14,4%) məbləğində olub.
Yanvar-aprel aylarında icbari sığorta növləri üzrə ödənişlər 23 mln. 304,9 min manat (artım 8,1%) təşkil edib.
Hesabat dövründə sığortaçılar həyatın yaşam sığortası (20,536 mln. manat), AVSMMİS (19,728 mln. manat) və könüllü tibbi sığorta (17,102 mln. manat) üzrə daha çox ödəniş ediblər.
2019-cu ilin aprel ayının əvvəlinə Azərbaycanda 22 sığorta şirkəti fəaliyyət üçün lisenziyaya malikdir.*
A.Əzizov