Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri qapalı rejimdə çalışırlar. Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov deyib.
“Həmsədrlərin işi kifayət dərəcədə qapalı rejimdə davam edir, bunun üçün bütün izahlar var. İşin davam etməsi bizi sevindirir”, - Boçarnikov bu gün Bakıda mətbuat konfransında bildirib.
Diplomatın sözlərinə görə, həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə təkliflərinin detallarını açıqlamırlar, birgə bəyanatda isə humanitar sahə və təhlükəsizliyin qorunması barədə söz açılırdı. “Həmsədrlərin prezidentlər, müdafiə nazirləri (Azərbaycan və Ermənistan - İF) ilə əlaqələri olub. XİN başçıları yaxın zamanda görüşməyə dair təklifi qəbul ediblər. Bu barədə məlumat veriləcək”, - səfir vurğulayıb. **
F.İsazadə