Azərbaycanın Hindistanda, eyni zamanda, Nepal Federativ Demokratik Respublikasında akkreditə olunmuş səfiri Əşrəf Şıxəliyev etimadnaməsini bu ölkənin prezidenti Bidhya Devi Bhandariyə təqdim edib. Bu barədə Azərbaycanın Dehlidəki diplomatik missiyasından məlumat verilib.
Səfər çərçivəsində diplomat Nepalın baş naziri Khadqa Prasad Şarma Oli və xarici işlər naziri Pradip Kumar Qyavali ilə də görüşüb.
Ə.Şıxəliyev Avropa ölkələrinə göndərilən Nepal məhsullarının ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizləri vasitəsilə daha tez və sərfəli qiymətlərlə nəql edilməsi imkanlarının nəzərdən keçirilməsini təklif edib.
Ötən il Nepaldan Azərbaycana bir neçə min turistin səfər etdiyini bildirən səfir gələcəkdə ölkələrimiz arasında qarşılıqlı səfərlərin daha da artacağına əminliyini ifadə edib. Bununla yanaşı, təhsil və mədəniyyət sahələrində əlaqələrin inkişafı üçün böyük potensialın olduğu vurğulanıb.
Nepal rəsmiləri ölkələrinin Azərbaycan ilə hərtərəfli əməkdaşlıq etməkdə maraqlı olduğunu bildiriblər.
Qarşı tərəf Qoşulmama Hərəkatının fəaliyyətinin vacibliyini qeyd edərək, Nepalın cari ilin oktyabr ayında Bakıda keçiriləcək Zirvə toplantısında yüksək səviyyədə iştirak etməyə hazır olduğunu bildirib.
Bununla yanaşı, Nepalın "ASAN xidmət" və "ABAD" təcrübələrinə diqqət göstərdiyi və bu təcrübənin daha ətraflı öyrəniləcəyi bildirilib.
Nepal Ticarət Palatasının və ona üzv olan aparıcı şirkətlərin rəhbərliyi ilə keçirilən görüşlərdə ikitərəfli ticari və investisiya imkanları barəsində fikir mübadiləsi aparılıb.*
R.Babayev