2019-cu ilin I rübündə Azərbaycanda daşınmaz əmlakın qiyməti ötən ilin analoji dövrü ilə müqayisədə manat ekvivalentində 1,2% artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“İlkin mənzil bazarında qiymətlərdə 0,8% bahalaşma müşahidə olunduğu halda, təkrar mənzil bazarında da qiymətlər 1,2% artıb”, - nazilrikdən qeyd ediblər.
Qeyri-hökumət təşkilatlarının məlumatına əsasən, 2019-cu ilin yanvar-mart aylarında mənzil bazarında əmlak alqı-satqısının həcmində 2018-ci ilin analoji dövrü ilə müqayisədə artım müşahidə olunur.
Məlumata əsasən, Bakıda ən bahalı mənzil Səbail rayonunda təklif olunur (1 kv. metr - $1,719 min, 2018-ci ilin I rübü ilə müqayisədə artım 10,1%).
Yüksək qiymətlərin müşahidə olunduğu paytaxtın beş rayonu sırasına həmçinin Nəsimi (1 kv. metr - $1,109 min), Nərimanov ($1,088 min), Yasamal ($1,016 min) və Xətai rayonları ($927) daxildir.
Ən ucuz mənzil Bakının Pirallahı qəsəbəsində təklif olunur (1 kv. metr - $472, azalma 10,2%). **
B.Rüstəmbəyov