Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Sərəncama əsasən, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov və Azərbaycan Respublikasının birinci vitse-prezidentinin köməkçisi Xalid Əhədov “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti Müşahidə Şurasının üzvləri təyin ediliblər.
Azərbaycan prezidenti İlham Əliyev 6 noyabr 2017-ci il tarixində “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin yaradılması haqqında fərman imzalayıb. “Azərbaycan Sənaye Korporasiyası” dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sistemini formalaşdırmaq, dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin yaradılmasına və istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılmasına nail olmaq məqsədilə yaradılıb. Cəmiyyətin nizamnamə kapitalı 500 mln. manat təşkil edir.**
B.Rüstəmbəyov