Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyə nin milli müdafiə naziri Hulusi Akar “Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimində əldə olunan nəticələri yüksək qiymətləndirirlər. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verir.
Həsənov Akar ilə görüş zamanı vurğulayıb ki, Azərbaycan müdafiə qüdrətinin artırılması məqsədilə hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində Türkiyə ilə əməkdaşlığı genişləndirir və “bu, regiondakı sabitliyi təmin edən əsas amillərdəndir”.
“Tərəflər “Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimində əldə olunan nəticələri yüksək qiymətləndirərək bu cür təlimlərin vacibliyini vurğulayıblar”, - məlumatda qeyd olunur.
Görüşdə regional və qarşılıqlı əməkdaşlıqla bağlı digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılıb.
Xəbər verildiyi kimi, Naxçıvanda “Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi iyunun 7-də başlayıb. Təlimə 5000 nəfərədək şəxsi heyət, 200-dən artıq tank və digər zirehli texnika, 180-ə yaxın müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 21 ədəd təyyarə, helikopter, pilotsuz uçuş aparatı və silahlanmaya yeni daxil edilmiş müxtəlif növ müasir silah və texnika nümunələri cəlb olunub.
Təlimin məqsədi qərargahların müştərək döyüş əməliyyatları planlarının hazırlanması, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması və birgə tapşırıqları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaqdır.
Təlimlər Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən keçirilir və iyunun 11-dək davam edəcək. **
N.Abbasova