Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) 2019-cu il iyulun 12-dən Bakının Yasamal rayonunda sosial mənzillərin inşası çərçivəsində 8 binada 253 mənzilin satışına başlaycaq. Bu barədə MİDA-nın məlumatında deyilir.
“Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 6-9 saylı binaları üzrə 10 mənzil, həmçinin 10, 11, 12 və 13 saylı binalarında yerləşən 243 mənzilin, ümumilikdə 253 mənzilin satışı 12 iyul 2019-cu il tarixində saat 11:00-da başlayacaq və 17 iyul 2019-cu il tarixi saat 00:00-dək davam edəcək. Mənzillərin seçimi 14 iyul 2019-cu il tarixində saat 11:00-da başlayacaq və 17 iyul 2019-cu il tarixi saat 00:00-dək davam edəcək”, - deyə məlumatda bildirilir.
Mənzillərin satışı aşağıdakı qiymətlərdən (ƏDV daxil olmaqla) başlayır: 1 otaqlı mənzil - 29,925 min manat, 2 otaqlı mənzil - 47,652 min manat, 3 otaqlı mənzil - 65,417 min manat.
“Mənzillərin satışı yalnız öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulduğuna görə mənzil əldə edən vətəndaş satış qiymətinə əlavə 10% endirim əldə edəcək”, - deyə məlumatda qeyd olunur.
Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdirlər. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdirlər. Həmin şəxslər elektron kabinetlərində “Satış/Mənzillər” bölməsinə daxil olaraq “erkən gələnə erkən xidmət” prinsipi (satış başladığı anda sistemə daxil olaraq mənzili ilk seçən şəxslər onu almaq imkanı əldə edirlər) əsasında mənzilləri seçə biləcəklər.
Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.
Xəbər verildiyi kimi, Yasamal-1 Yaşayış Kompleksində “Güzəştli mənzil” proqramı çərçivəsində ilk 324 mənzil 2018-ci ildə, 152 mənzil 2019-cu il yanvarın 25-dən fevralın 8-dək, 154 mənzil isə 29-30 aprel tarixlərində satılıb.
Ümumi sahəsi 11,6 hektar olan kompleks 29 çoxmənzilli yaşayış binasından ibarətdir. Onların 17-si ikibloklu 9 mərtəbəli bina, 12-si isə birbloklu 12 mərtəbəli binadır.
Kompleksin ərazisində bir sıra sosial obyektlər də tikiləcək.*
N.Abbasova