Azərbaycan regionda sülh və təhlükəsizlik naminə Rusiya ilə əlaqələri möhkəmləndirəcək. Bu barədə prezident İlham Əliyevin Rusiya Günü münasibətilə rusiyalı həmkarı Vladimir Putinə ünvanladığı təbrik məktubunda deyilir.
“Əminəm ki, Azərbaycan ilə Rusiya arasında hərtərəfli və çoxplanlı əməkdaşlıq xalqlarımızın və ölkələrimizin mənafeyi, regionda sülh, təhlükəsizlik və sabitlik naminə bundan sonra da durmadan inkişaf edəcək və möhkəmlənəcək”, – deyə Azərbaycan prezidentinin saytında dərc olunmuş məktubda bildirilir.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan ilə Rusiyanı ənənəvi sıx dostluq, mehriban qonşuluq və əməkdaşlıq münasibətləri bağlayır.
“Sevindirici haldır ki, xalqlarımızın iradəsini əyani şəkildə ifadə edən bu münasibətlər indi strateji tərəfdaşlıq xarakteri kəsb edir. Ölkələrimizin ən geniş spektrli məsələlər üzrə qarşılıqlı fəaliyyəti xüsusi məmnunluq doğurur”, - deyə məktubda vurğulanır.*
F.İsazadə