Oman körfəzində iki neft tankeri hücuma məruz qalıb. Bu barədə bu gün PressTV xəbər verir.
İran telekanalının məlumatına görə, bu gün səhər saatlarında Oman körfəzində iki partlayış baş verib. Bir neçə gəmidən isə fəlakət siqnalı daxil olub.
“Associated Press” xəbər verir ki, Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin gəmilərin təhlükəsizliyinə görə məsul olan strukturu Oman körfəzində olan şəxsləri son dərəcə ehtiyatlı olmağa çağırıb.
“Bloomberg” agentliyi BƏƏ-nin Əl-Fucayra limanındakı mənbələrə istinadən bildirir ki, Oman körfəzində “Front Altair” tankeri yanır. Tankerdən limana fəlakət siqnalı daxil olub. Agentlik tankerin olduğu yeri bildirmir.
“Bloomberg” qeyd edir ki, hücum nəticəsində Səudiyyə Ərəbistanından Sinqapura gedən neft tankeri də ziyan çəkib.
ABŞ Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, Oman körfəzindəki insident nəticəsində iki gəmi ziyan çəkib.
Bu hadisə fonunda neftin qiymətində artım müşahidə edilir. “Brent” markalı neftin qiyməti 4%-dən çox (1 barrel 62,48 ABŞ dollarınadək) bahalaşıb.
May ayında Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyi BƏƏ-nin ərazi suları yaxınlığında dörd tankerə qarşı "ziyançılıq aktları"nın törədildiyi barədə məlumat yaymışdı. Nəticədə məlum oldu ki, Oman körfəzində ziyan çəkmiş dörd gəmidən biri Birləşmiş Ərəb Əmirliklərinə, biri Norveçə, digər iki tanker isə Səudiyyə Ərəbistanına məxsusdur.
Regionda bu hadisələrin arxasında İranın dayanması barədə fikirlər yayılsa da, Tehran bu ittihamları rədd edib.*