Avropa İttifaqının (Aİ) qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə komissarı Yohannes Han bu il Aİ və Azərbaycan arasında “Açıq səma” sazişinin imzalanacağına ümid edir.
"Son illərdə Azərbaycan və Aİ arasında əməkdaşlıq nəzərəçarpacaq dərəcədə intensivləşib. Ümid edirəm ki, biz bu il aviasiya sazişi imzalayacağıq", - deyə o, bu gün Bakıda keçirilən Azərbaycan-Aİ biznes forumunda bildirib.
Y.Hanın sözlərinə görə, son 10 il ərzində Aİ Azərbaycana 207 mln. avro məbləğində vəsait ayırıb ki, bu da 11 min nəfərin rifahını yaxşılaşdırmağa imkan verib.
O deyib ki, bu vəsaitlər Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına yönəldilib. "Biz kiçik və orta sahibkarlığın inkişafını bundan sonra da dəstəkləyəcəyik”, - deyə komissar əlavə edib.
Y.Han bildirib ki, Azərbaycan və Aİ nəqliyyat sahəsində prioritetləri müəyyən edib. "Nəqliyyat sahəsində 6 layihənin həyata keçirilməsinə 2,6 mlrd. avro yönəldiləcək. Bu layihələr Azərbaycana nəqliyyat imkanlarını genişləndirməyə imkan verəcək", - deyə o qeyd edib.
“Açıq səma” sazişinin mahiyyəti Azərbaycan və Aİ ölkələri arasında hava əlaqəsinin (sərnişin və yük daşımaları) sadələşdirilməsindən ibarətdir.
Azərbaycan 2016-cı ildə ABŞ-la belə saziş imzalayıb.*
F.İsazadə