Avropa şirkətləri Azərbaycana $33 mlrd. sərmayə qoyub. Bu sözləri iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
"Bu günə qədər Avropa İttifaqı (Aİ) ölkələrinin şirkətləri Azərbaycana $33 mlrd., Azərbaycan isə Aİ ölkələrinə $15 mlrd. məbləğində sərmayə qoyub. Hazırda Azərbaycanda 1,6 mindən çox Avropa şirkəti fəaliyyət göstərir", - deyə Ş.Mustafayev bu gün Bakıda keçirilən Azərbaycan-Aİ biznes forumunda bildirib.
Nazir qeyd edib ki, Azərbaycan əvvəlki kimi Cənubi Qafqazda Aİ-nin əsas ticarət tərəfdaşı olaraq qalır. "Azərbaycan Cənubi Qafqazda Avropa İttifaqının əsas ticarət tərəfdaşıdır, Aİ-nin regionla ticarət dövriyyəsinin 78%-i Azərbaycanın, Azərbaycanın ticarət dövriyyəsinin 42%-i isə Aİ ölkələrinin payına düşür", - deyə o vurğulayıb.
Ş.Mustafayevin sözlərinə görə, Bakı və Brüssel arasında əməkdaşlıq üçün çoxlu sayda perspektivli istiqamətlər mövcuddur, bunlardan biri də nəqliyyat və logistikadır.
"Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizləri tranzit yük daşımaları üçün olduqca əlverişlidir. Bu istiqamətdə ölkəmizin potensialının reallaşdırılması bizə yüklərin Azərbaycan ərazisindən tranzitini əhəmiyyətli dərəcədə artırmağa imkan verib. Belə ki, ötən il Azərbaycan ərazisindən tranzit yükdaşımaların həcmi 9,3 mln. ton təşkil edib, qeyri-neft sektoru üzrə tranzit yükdaşımaların həcmi isə 49% artıb", - deyə iqtisadiyyat naziri əlavə edib.*
Ə.Məmmədov