Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK) 2020-ci ildə Azərbaycanda biznes mühitinin inkişafı haqqında 5 illik hesabat hazırlamağı planlaşdırır. Bu barədə "AHK Azerbaijan”ın icraçı direktoru Tobias Baumann məlumat verib.
"Artıq bir neçə ildir ki, biz Azərbaycanda biznes mühiti haqqında hesabat hazırlayırıq. Gələn il ölkədə biznes mühitinin inkişafı ilə bağlı beşillik hesabat hazırlamağı düşünürük. Bu hesabat bizə ölkənin və iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf dinamikasını öyrənməyə imkan verəcək, Avropa şirkətlərinin Azərbaycanda fəaliyyətinin gələcək perspektivləri baxımından faydalı olacaq", - deyə o, bu gün Bakıda keçirilən Aİ-Azərbaycan biznes forumunda bildirib.
İcraçı direktor qeyd edib ki, Palatanın builki hesabatında Azərbaycanda fəaliyyət göstərən 130 Avropa şirkətinin cavabları nəzərə alınıb.
Bundan əlavə, Azərbaycan iqtisadiyyatının 10 aparıcı sektorunu təmsil edən 20 Avropa şirkətinin nümayəndələrindən də müsahibə alınıb. Bütövlükdə, respondentlər 17 Aİ ölkəsini təmsil edirdilər", - deyə o əlavə edib.
Xəbər verildiyi kimi, Palatanın hesabatına əsasən, Azərbaycanda fəaliyyət göstərən Avropa şirkətlərinin üçdə ikisi ölkədə həyata keçirilən layihələrə əlavə investisiyaların yatırılması imkanlarını nəzərdən keçirir.*
Ə.Məmmədov