2019-cu ilin yanvar-may aylarında Azərbaycanda həyata keçirilən səyyar yoxlamaların sayı ötən ilin analoji dövrü ilə müqayisədə 3 dəfədən çox azalıb. Bunu Vergilər Nazirliyinin İqtisadi təhlil və ekspertiza departamentinin baş direktoru Natiq Şirinov deyib.
“2018-ci ildə Vergilər Nazirliyi tərəfindən həyata keçirilən səyyar yoxlamarın sayı 3 dəfədən çox azalıb. Cari ilin yanvar-may aylarında analoji mənzərədir”, - Şirinov bildirib.
Eyni zamanda, o səyyar yoxlamaların səmərəliliyinin artımını qeyd edib. “Cari ilin 5 ayı ərzində bir yoxlama nəticəsində əlavə vergilərin həcmi 3,5 dəfə artıb”, - baş direktor əlavə edib.
Xəbər verildiyi kimi, Ötən il nazirliyin səyyar yoxlamaları 1,707 min vergi ödəyicisini (2017-ci illə müqayisədə azalma 3,4 dəfə - İF) əhatə edib. Yoxlamarın sayının azalmasına baxmayaraq, bir yoxlama üzrə əlavə vergilərin həcmi artıb. Aparılan yoxlamalar zamanı 1,703 min vergi ödəyicisində müəyyən pozuntular aşkar edilib. Ötən il həyata keçirilən səyyar yoxlamalar əsasında dövlət büdcəsinə əlavə vergilərin məbləği 465,7 mln. manat təşkil edib. 2017-ci illə müqayisədə bu göstərici 2 dəfə - 273,5 min manatadək artıb. **
A.Əzizov