2019-cu ilin yanvar-may aylarında Azərbaycan əhalisi ticarət obyektlərindən 14 mlrd. 328,4 mln. manatlıq istehlak malları alıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə əhali tərəfindən ərzaq malları, içki və tütün məmulatlarının alınmasına 7 mlrd. 187,7 mln. manat (2018-ci ilin yanvar-may ayları ilə müqayisədə artım 2,4%), qeyri-ərzaq mallarının alınmasına 7 mlrd. 140,7 mln. manat (artım 3,1%) sərf olunub.
Cari ilin yanvar-may aylarında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 45,2%-i ərzaq məhsullarının, 5%-i içki və tütün məmulatlarının, 18%-i toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 6,1%-i elektrik malları və mebellərin, 5,7%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Bu dövrdə ticarət şəbəkəsində bir ölkə sakini 145,5 manatlıq ərzaq məhsulları, içki və tütün məmulatları, 144,6 manatlıq qeyri-ərzaq məhsulları alıb.*
N.Abbasova