Çinin müdafiə naziri Vey Fenhe Azərbaycana səfər etməyi planlaşdırır. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.
“Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün ölkəmizdə diplomatik fəaliyyəti başa çatan Çin Xalq Respublikasının fövqəladə və səlahiyyətli səfiri Vey Cinhuan ilə görüşüb”, - deyə məlumatda bildirilir.
Azərbaycan ilə Çin arasında bütün sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın inkişaf etdiyini vurğulayan müdafiə naziri bunun gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə edib.
Ölkəmizdə diplomatik fəaliyyəti müddətində Azərbaycan-Çin hərbi əlaqələrinin genişləndirilməsində göstərdiyi səylərə görə səfirə təşəkkürünü bildirən general-polkovnik Z.Həsənov ona gələcək işlərində də uğurlar arzulayıb.
“Görüşdə, həmçinin ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlıq, o cümlədən Çinin müdafiə nazirinin Azərbaycana planlaşdırılan səfəri ilə bağlı fikir mübadiləsi aparılıb”, - deyə məlumatda qeyd olunur.
Müdafiə Nazirliyi V.Fenhenin Azərbaycana səfər edəcəyi tarixi açıqlamır.*
B.Rüstəmbəyov