Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksək səviyyədə olduğunu qeyd edir, bunu Bakı və Naxçıvanda keçirilən genişmiqyaslı təlimlər nümayiş etdirdi. Bu barədə nazirlikdən məlumat verilir.
“Bakı və Naxçıvanda keçirilən təlimlərin nəticələri göstərdi ki, ordumuzun döyüş qabiliyyəti, mənəvi-psixoloji vəziyyəti və təminatı yüksək səviyyədədir və bu istiqamətdə planlaşdırılan bütün tədbirlər tam həcmdə yerinə yetirilib”, - Həsənov şənbə günü nazir müavinləri, qoşun növləri komandanları, baş idarə, idarə və xidmət rəisləri, birlik komandirlərinin iştirakı, eləcə də videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər məsul zabitlərin də cəlb olunması ilə xidməti müşavirədə bildirib.
Nazir Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttindəki vəziyyətə də toxunub.
Z.Həsənov snayperlərin fəaliyyəti, müdafiənin dayanıqlılığı, maskalanmanın effektiv təşkili, şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi və düşmən təxribatlarının ehtimal olunduğu istiqamətlərdə onun qarşısının xüsusi qurğu və vasitələrin tətbiqi ilə dərhal və adekvat tədbirlər görməklə alınması ilə bağlı vəzifəli şəxslər qarşısında tapşırıqlar qoyub. **
R.Babayev