İstənilən bölgədə sabitliyin pozulması bütün dünyada təhlükəsizlik üçün təhdidlər yaradır. Bunu Azərbaycan Respublikasının baş naziri Novruz Məmmədov deyib. Bu barədə hökumətin mətbuat xidməti məlumat verir.
“Şübhəsizdir ki, silahlı münaqişələr, terrorizm, irqçilik, radikalizm, dözümsüzlük və kiber təhlükələr beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi risklər doğurur. Beynəlxalq və regional təhlükəsizlik bir-biri ilə sıx bağlıdır. Dünyanın bir bölgəsində sülh və sabitliyin pozulması digər regionlarda da təhlükəsizlik üçün təhdidlər yaradır”, - Məmmədov Düşənbədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin beşinci Zirvə toplantısında bildirib.
Baş nazir qeyd edib ki, Ermənistan 30 ilə yaxındır beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirir.
O bildirdi ki, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası və digər təşkilatlar tərəfindən müvafiq qərar və qətnamələr qəbul edilib. Həmçinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini dəstəkləyən bəyanat və qərarlar qəbul olunub. Münaqişə beynəlxalq hüququn normalarına, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və Helsinki Yekun Aktına əsasən Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməlidir.
Məmmədov Azərbaycanın iştirakçısı və təşəbbüskarı olduğu müxtəlif beynəlxalq layihələr barədə məlumat verib.
Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcəyini xatırladan baş nazir bildirdi ki, ölkəmiz Qoşulmama Hərəkatının yaratdığı çoxtərəfli platformadan istifadə edərək beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsi, ölkələr arasında dialoq və əməkdaşlığın inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcək. **
R.Babayev