2019-cu ilin yanvar-may aylarında Azərbaycana 15,585 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2,1 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə respublikaya gətirilən avtomobillərin böyük hissəsi – 14,17 min ədəd avtomobil (artım 2,2 dəfə) sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb.
Cari ilin yanvar-may aylarında Azərbaycana yük daşımaları üçün nəzərdə tutulmuş 1,274 min ədəd motorlu nəqliyyat vasitəsi (artım 1,7 dəfə) və 71 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi (artım 1,4 dəfə) idxal edilib.
Bundan başqa, qeyd olunan dövrdə respublikaya 10 və daha artıq şəxsin daşınması üçün 70 ədəd (artım 1,9 dəfə) motorlu nəqliyyat vasitəsi gətirilib.
Xəbər verildiyi kimi, 2018-ci ildə Azərbaycana avtomobil nəqliyyatı vasitələrinin idxal həcmi 2017-ci illə müqayisədə 2,2 dəfə artaraq 28,876 min ədəd təşkil edib. Sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin idxal həcmi isə 2,3 dəfə - 26,147 min ədədədək artıb.*
N.Abbasova