Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov hesab edir ki, Bakı Ermənistanla müqayisədə daha effektiv aviasiya vasitələrinə malikdir.
"Ekspertlər əmindirlər ki, yeni “Su-30SM” qırıcıları regionumuzda hərbi əməliyyatlar teatrında səmərəsizdir. Azərbaycanın silahlanmasında olan aviasiya bu məqsədlər üçün nəzərdə tutulub. Onlar modernləşdirilib və yeni silah növü ilə təchiz olunub", - deyə o, bu gün jurnalistlərə bildirib.
Xəbər verildiyi kimi, Ermənistan Rusiyadan “Su-30” qırıcıları almağı planlaşdırır.
Nazir vurğulayıb ki, cəbhə xəttindən 35-38 km məsafədə yerləşən Beyləqan rayonundakı hərbi hissələrə səfər edib. "Onlar (ermənilər - İF) hansı silahla məni müşahidə ediblər ki, mən də qorxaraq cəbhə xəttini tərk etmişəm?" Ermənistan ordusunda 35 km məsafədən atəş açan silah yoxdur”, - deyə Z.Həsənov Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın bəyanatını şərh edərkən bildirib. Xatırladaq ki, A.Qriqoryan bildirmişdi ki, Z.Həsənov cəbhə xəttində olarkən Ermənistan silahlı qüvvələri onu müşahidə edib və bunu öyrənən azərbaycanlı nazir guya cəbhə xəttini tələsik tərk edib.
Z.Həsənov Ermənistan müdafiə naziri David Tonoyanın "azərbaycanlı hərbçilərə qarşı" cəza tədbirlərinə görə erməni hərbi qulluqçularını təltif etməsinə də münasibət bildirib. "Tonoyanın hərəkətləri ucuz siyasi gedişdir. İnanın, müəyyən səbəblərdən ətraflı məlumat verə bilmirəm. Deyə bilərəm ki, qarşı tərəfə layiqli cavab verilib. Yaxın günlərdə bunun əks-sədasını eşidəcəksiniz", - deyə nazir qeyd edib.*
F.İsazadə