Azərbaycan ərazisində fəaliyyət göstərən Avropa İttifaqının rezident-şirkətləri ölkə üçün 5 əsas islahatı qeyd ediblər.
Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) tərəfindən hazırlanan Azərbaycanın 2019-cu il üzrə Aİ Biznes Mühiti Hesabatında respondentlərin 17%-i vergi sistemində şəffaflığın artırılmasına zərurət, 16%-i – gömrük sistemində şəffaflığın artırılmasına zərurətin olduğunu qeyd ediblər.
Respondentlərin 13%-i təhsil sisteminin şirkətlərin tələblərinə uyğunluğu zərurəti və 13%-i hüquq sahəsində şəffaflığın təminatına dair rəylərini bildiriblər. Daha 11%-i maliyyə sektorunda şəffaflıq və sabitliyin möhkəmlənməsini zəruri hesab edir.
“Aİ şirkətləri gələcəkdə ölkədə işgüzar və investisiya mühitinin yaxşılaşması məqsədilə vergi islahatlarının davam etdirilməsinin zəruriliyini qeyd edirlər. Xüsusilə, şirkətlər vergi ayırmalarının normadan artıq vəsaitin qaytarılması və ikiqat vergitutma məsələlərində bürokratik müneələrdən şikayət edirlər. Buna görə, şirkətlər ümid edirlər ki, cari il vergi islahatları hökumət üçün prioritet olaraq qalacaq”, - hesabatda deyilir.
O cümlədən, Aİ-nin rezident-şirkətləri gələcəkdə gömrük prosedurlarının sadələşdirilməsini vacib hesab edirlər.
“Aİ şirkətləri elektron bəyannamələrin tətbiqi və öncədən bildiriş xidmətinin işini yüksək qiymətləndiriblər. Lakin şirkətlər elektron bəyannamələrin gələcəkdə sadələşdirilməsi və funksionallığının artırılması, həmçinin “yaşıl dəhliz” sisteminin tam tətbiqinin tərəfdarı olduqlarını bəyan edirlər”, - “İnterfaks-Azərbaycan”ın əldə etdiyi hesabatda bildirilir. **
A.Məmmədov