2019-cu ilin birinci rübündə Azərbaycan vətəndaşları tərəfindən qeyri-rezidentlərə $285 mln. məbləğində nəqliyyat xidmətləri göstərilib ki, bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən 8,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
2019-cu ilin yanvar-mart ayları üzrə tədiyə balansına əsasən, hesabat dövründə qeyri-rezidentlər tərəfindən Azərbaycan rezidentlərinə $267 mln. məbləğində (azalma 9,4%) nəqliyyat xidmətləri göstərilib.
Azərbaycanın qarşılıqlı xidmətlərinin bütün həcminin 25,8%-i nəqliyyat xidmətlərinin payına düşüb.
2019-cu ilin yanvar-mart aylarında qeyri-rezidentlər tərəfindən Azərbaycan rezidentlərinə $16,7 mln. məbləğində tikinti xidmətləri göstərilib ki, bu da 2018-ci ilin birinci rübü ilə müqayisədə 30% çoxdur.
“2019-cu ilin birinci rübündə Azərbaycanın iqtisadi münasibətlərində qarşılıqlı xidmətlərin həcmi $2,1 mlrd. (azalma 25%) təşkil edib. Bunun $1,3 mlrd.-ı (azalma 21,2%) qeyri-rezidentlər tərəfindən Azərbaycan rezidentlərinə, daha $800 mln.-u isə (azalma 30,9%) Azərbaycan şirkətləri və şəxslər tərəfindən qeyri-rezidentlərə göstərilib”, - məlumatda bildirilir.
Beləliklə, hesabat dövründə xidmət kəsiri $500,4 mln. təşkil edib. Kəsirin $378,3 mln.-u neft-qaz sektoru, $122,1 mln.-u qeyri-neft sektorunun payına düşüb.**
Ə.Məmmədov