Ümumdünya Turizm Təşkilatı (UNWTO) Azərbaycana turist axınının artırılması məsələsi üzərində ciddi iş aparır. Bunu təşkilatın baş katibi Zurab Pololikaşvili deyib.
"Biz həm də Azərbaycanın turizm cəlbediciliyini nümayiş etdirməyə çalışırıq", - deyə Z.Pololikaşvili bu gün Bakıda keçirilən UNWTO İcraiyyə Komitəsinin 110-cu sessiyası çərçivəsində mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu gün Çin, Hindistan və Fars körfəzi ölkələri də turistlərin Azərbaycana cəlb edilməsi üçün prioritet istiqamətlər kimi nəzərdən keçirilir.
"Biz bu istiqamətdə Çin hökuməti və bu ölkənin aviaşirkətləri ilə fəal işləyirik. UNWTO İcraiyyə Komitəsinin fəal üzvü olan Azərbaycan cəlbedici infrastruktur, hava limanları və təbiətə malikdir. Ancaq turistlərin sayının artması ilə onlara göstərilən xidmətlərinin keyfiyyətini yüksəltmək lazımdır", - deyə baş katib qeyd edib.
O deyib ki, bunun üçün xüsusilə gənclər arasında peşəkar kadrların hazırlanması üçün xüsusi mərkəzlər açılmalıdır.
"Gələn il UNWTO tərəfindən “Kənd turizmi ili” elan ediləcək. Bu baxımdan Azərbaycanın təkcə Bakı ilə məhdudlaşmadığını nəzərə almaq lazımdır. Təbii ki, investisiya qoyuluşu tələb edən, kənd turizmini təşviq etməyin, yeni iş yerləri açmağın vacib olduğu bölgələr də var", - deyə təşkilatın baş katibi qeyd edib. O əlavə edib ki, Azərbaycan enerji resurslarının hasilatından əldə etdiyi gəlirləri turizmin inkişafına yönəldir.
Z.Pololikaşvili tezliklə Azərbaycanda UNWTO mərkəzinin açılacağına ümidvar olduğunu deyib.
"Biz il ərzində müxtəlif ölkələrdə 10-dan çox mərkəz açmağı planlaşdırırıq. Ola bilsin ki, 20-30 belə mərkəz aça bildik, çünki müxtəlif ölkələr təşkilatımızla əməkdaşlığa olduqca böyük maraq göstərir. Ümid edirəm ki, yaxın vaxtlarda belə bir UNWTO mərkəzi Azərbaycanda da açılacaq", - deyə baş katib vurğulayıb.
Z.Pololikaşvili, həmçinin UNWTO İcraiyyə Komitəsinin Bakıda keçirilən 110-cu sessiyasında Amerika nümayəndə heyətinin də iştirakını yüksək qiymətləndirib. "ABŞ UNWTO-dan 23 il əvvəl çıxıb. ABŞ kimi böyük bir dövlətlə tərəfdaşlıq bizim üçün böyük uğurdur”, - deyə baş katib bildirib.*
R.Babayev