Azərbaycan və İran Bakı ilə Məşhəd şəhərləri arasında avtobus reysi açmağı planlaşdırır. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən məlumat verilir.
“Azərbaycanla İran arasında beynəlxalq avtomobil əlaqələri sahəsində Birgə Komissiyanın Bakıdakı iclası zamanı Bakı-Məşhəd avtobus marşrutunun açılması ilə bağlı razılıq əldə olunub”, - Xidmətdən qeyd ediblər.
Həmçinin tərəflər beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, ticarət əlaqələri üzrə və hər iki ölkənin avtodaşıyıcıları tərəfindən "İcazə" blanklarının istifadəsi ilə bağlı statistik məlumatların mübadiləsi və kontingenti barədə, yük və sərnişin daşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər və onların həlli yolları, 2019-cu ildə daşımaların həyata keçirilməsi üçün istifadə olunan "İcazə" blanklarının kvota sayı, daşımaların inkişafı perspektivlərini müzakirə ediblər.
“İclasın yekunlarına dair tərəflər arasında Azərbaycanda qeydiyyatda olan yük nəqliyyat vasitələrinin İranın ərazisinə yüksüz daxil olması üçün tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı razılıq əldə olunub”, - məlumatda qeyd edilir.
İclasın yekununda Komissiya müvafiq Protokol imzalayıb.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən məlumatına görə, 2018-ci ildə Azərbaycanla İran arasında ticarət dövriyyəsi 446 mln. ABŞ dolları təşkil edib ki, bu da 2017-ci ilin göstəricisi ilə müqayisədə 74% çoxdur. **
N.Abbasova