Azərbaycanda minimum əməkhaqqının məbləğinin 2019-cu il sentyabrın 1-dən 250 manatadək ($147) artırılması 950 minə yaxın vətəndaşı əhatə edəcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatında deyilir.
Prezident İlham Əliyev iyunun 18-də Azərbaycanda minimum əməkhaqqının məbləğinin 2019-cu il sentyabrın 1-dən 38,9% artırılaraq 180 manatdan 250 manata çatdırılması haqqında sərəncam imzalayıb.
“Minimum əməkhaqqının artımı birbaşa olaraq 950 minədək vətəndaşı əhatə edəcək. Həmin insanlardan 600 mini dövlət sektorunda, 350 mini özəl sektorda işləyənlərdir. Bu artımın təmin edilməsi üçün dövlət büdcəsindən illik 780 mln. manat ($458,8 mln.), 2019-cu il (sentyabr-dekabr ayları) üzrə 245 mln. manat ($144,1 mln.) əlavə vəsait ayrılması təmin olunacaq”, – deyə məlumatda bildirilir.
Bununla da minimum əməkhaqqının məbləğinin yaşayış minimumunu (180 manat) 40 faizədək üstələməsi təmin edilir.
Minimum əməkhaqqının məbləğinin 250 manata çatdırılması dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə Vahid Tarif Cədvəliilə müəyyən edilmiş aylıq tarif (vəzifə)maaşları üzrə orta əməkhaqqının da orta hesabla 40 faiz artmaqla 265 manatdan 367 manata çatmasına imkan verir.
Nazirlik qeyd edir ki, bu, cari il ərzində artıq ikinci artımdır. Belə ki, bundan əvvəl martın 1-dən minimum əməkhaqqı 130 manatdan 180 manata çatdırılmış, bu artım 600 minədək insanı əhatə etmişdi.
“Artımdan sonra Azərbaycan Respublikasında minimum əməkhaqqı MDB ölkələri arasında alıcılıq qabiliyyətinə görə (PPP) 2-ci yerdə qərarlaşacaq”, - deyə məlumatda vurğulanır.*
A.Əzizov