2019-cu il sentyabrın 1-dən dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin əməkhaqqının artırılması 160 minə yaxın müəllimi əhatə edir, bu məqsədlə dövlət büdcəsindən 73 mln. manat vəsait ayrılacaq. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilir.
Dünən Azərbaycan prezidenti İlham Əliyev “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, 2019-cu il sentyabrın 1-dən həmin müəllimlərin aylıq vəzifə maaşları orta hesabla 20% artırılır.
“Bu artımın təmin edilməsi üçün dövlət büdcəsindən əlavə olaraq illik 240 mln. manat ($141,2 mln.), cari ilin sentyabr-dekabr ayları üzrə isə 73 mln. manat ($42,9 mln.) vəsait ayrılacaq”, - məlumatda qeyd olunur.
Sərəncama əsasən, 2019-cu il sentyabrın 1-dən diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqı 605 manatadək artacaq ($356). **
R.Babayev