Müdafiə Sənayesi Nazirliyi və Fransanın “Nexter” şirkəti təkərli zirehli texnikanın birgə istehsalı məsələlərini müzakirə edəcək. Bu barədə nazirliyin mətbuat xidməti məlumat verir.
Müdafiə Sənayesi Nazirliyinin müşaviri Fərrux Vəzirov Parisdə keçirilən “Paris Air Show-2019” sərgisi çərçivəsində “Nexter” şirkətinin rəhbərliyi ilə görüş keçirib.
“Görüşdə müxtəlif növ müdafiə təyinatlı məhsulların, o cümlədən Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində mövcud olan istehsal sahələrində təkərli zirehli texnikanın birgə istehsalı, robot texnikası sahəsində dəniz və hava platformaları üzərində müxtəlif növ silahların istehsalı və inteqrasiyası da daxil olmaqla əməkdaşlığın yaradılmasına dair danışıqlar aparılıb”, - məlumatda deyilir.
Qeyd olunur ki, tərəflər arasında bu layihələrin həyata keçirilməsi üzrə yol xəritəsi müəyyən edilib.
“Nexter” şirkətinin ekspertlərinin iyulda Azərbayacana nəzərdə tutulan səfərləri çərçivəsində danışıqların davam etdirilməsinə dair razılıq əldə edilib”, - məlumatda vurğulanır. **
F.İsazadə