Milli Məclisin sədri Oqtay Əsədov Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunmaqla tezliklə və ədalətli həllinə ümid edir.
"Təəssüflər olsun ki, bölgəmizdə mövcud olan münaqişələr regional inkişafa böyük maneələr yaradır", - deyə O.Əsədov bu gün Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Baş Assambleyasının 53-cü plenar sessiyasında bildirib.
"İnterfaks-Azərbaycan" agentliyinin parlament müxbirinin verdiyi məlumata görə, sədr qeyd edib ki, Azərbaycan 30 ilə yaxındır onun ərazilərinin 20%-ni işğal altında saxlayan Ermənistanın təcavüzkar siyasətindən əziyyət çəkir.
"Əminəm ki, regionda mövcud olan münaqişələr beynəlxalq hüququn norma və prinsipləri əsasında, ilk növbədə, dövlətlərin ərazi bütövlüyünün qorunması prinsipinə riayət olunmaqla tezliklə öz həllini tapacaq", - deyə O.Əsədov bildirib.
O vurğulayıb ki, Azərbaycan QDİƏT PA çərçivəsində beynəlxalq əməkdaşlığın inkişafına böyük önəm verir. "Biz QDİƏT PA ölkələri ilə ikitərəfli və çoxtərəfli formatlarda əlaqələri fəal şəkildə inkişaf etdiririk. Bu əməkdaşlıq regionun bütün xalqları və ölkələrinin rifahına yönəlib", - deyə Milli Məclisin sədri qeyd edib.
O.Əsədovun sözlərinə görə, Bakının təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı layihələr regionun coğrafiyasını dəyişəcək. "Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum enerji layihələri, TANAP, TAP qaz kəmərlərinin tikintisi, Bakı-Tbilisi-Qars dəmir yolu Avropanın müasir infrastruktur və enerji xəritələrini formalaşdırır", - deyə spiker vurğulayıb.*
R.Babayev