Cümə axşamı Bakıda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın yeddinci iclası başa çatıb. Tərəflər dövlət sərhəd xəttinin yüksək dağlıq ərazilərdəki hissəsində sərhəd nişanları ilə işarələnməsi üzrə iş planı qəbul ediblər.
“İclasda 3 sentyabr 2010-cu il tarixində imzalanmış Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədi haqqında Müqaviləyə uyğun olaraq, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası prosesinin davam etdirilməsi ilə bağlı məsələlər müzakirə edilib”, - Azərbaycan XİN-in məlumatında deyilir.
Ümumilikdə, görüş “mehriban qonşuluq və konstruktiv dialoq ruhunda keçirilib”.
“Birgə Komissiyanın növbəti iclasının Rusiya Federasiyası ərazisində keçirilməsi nəzərdə tutulur. İclasın keçirilmə tarixləri diplomatik kanallar vasitəsilə razılaşdırılacaq”- XİN qeyd edir. **
A.Əzizov