Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisi üzrə konsorsium Egey dənizi bölgəsində yeni turizm layihəsinin həyata keçirilməsinə cəlb edilib. Bu barədə SOCAR-ın məlumatında deyilir.
"“Skyair Shop” şirkəti və Edirne Saros Turizm Altyapı Hizmet Birliği (ESTAB) TANAP layihəsinin dəstəyi ilə 90 tonluq “Airbus A330” təyyarəsini Saros körfəzində 30 metr dərinlikdə batıraraq süni rif yaradıb. Bu layihənin məqsədi dənizdə bioloji çeşidliyi artırmaqdır. Layihənin həyata keçirilməsi TANAP qaz kəmərinin keçdiyi bu bölgədə turizmin inkişafına töhfə verəcək”, - deyə məlumatda bildirilir.
Öz növbəsində, Türkiyə mətbuatı yazır ki, bu layihə Saros körfəzində sualtı turizmi bərpa etməyə imkan verəcək.
Ümumi uzunluğu 1,85 min kilometr olan TANAP qaz kəməri “Mərhələ-2” çərçvəsində “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub.
Qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 mlrd. kubmetr təşkil edəcək. Bu həcmin 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri Türkiyənin qərb regionlarına göndəriləcək. Gələcəkdə boru kəmərinin ötürmə qabiliyyəti illik 24 mlrd. kubmetrə, daha sonra isə 31 mlrd. kubmetrə çatdırılacaq.
Hazırda TANAP layihəsində şirkətlərin iştirak payı aşağıdakı kimidir: SOCAR - 51%, SOCAR Turkiye Enerji (7%), BOTAS - 30%, BP - 12%. Trans-Anadolu qaz kəməri layihəsinin dəyəri $7 mlrd. təşkil edir.
Xəbər verildiyi kimi, TANAP-ın birinci fazası (Gürcüstan-Türkiyə sərhədindən Əskişəhərədək) 2018-ci il iyunun 12-də işə salınıb. Türkiyəyə ilk kommersiya qazının tədarükünə ötən il iyunun 30-dan başlanılıb.*
N.Abbasova
https://www.facebook.com/SOCARofficial/videos/475910386315071/