2019-cu ilin yanvar-may aylarında Azərbaycanda 1 mlrd. 952,3 mln. manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib ki, bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən 6,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə 1 mlrd. 574 mln. manat məbləğində heyvandarlıq, 378,3 mln. manat məbləğində bitkiçilik məhsulları istehsal edilib. Heyvandarlıq məhsullarının istehsal həcmi 2,9%, bitkiçilik məhsullarının istehsal həcmi 24,9% artıb.
5 ay ərzində respublikada 201,4 min ton ət (artım 3,1%), 845,9 min ton süd (artım 2%), 765,5 mln. ədəd yumurta (artım 3,2%), 12,2 min ton yun (artım 3,1%) istehsal edilib.
İyunun 1-nə 72,4 min hektar sahədə dənlilər və dənli paxlalı bitkilər, 56,8 min hektar sahədə kartof, 67,7 min hektar sahədə tərəvəz, 21,2 min hektar sahədə bostan bitkiləri, 100,1 min hektar sahədə pambıq, 16,3 min hektar sahədə dən üçün günəbaxan, 7,3 min hektar sahədə şəkər çuğunduru, 2,9 min hektar sahədə tütün, 64,9 min hektar sahədə çoxillik otlar, 1,7 min hektar sahədə birillik otlar və 1,4 min hektar sahədə digər yazlıq bitkilər əkilib.
Statistik məlumatlara görə, ölkədə kənd təsərrüfatı məhsullarının yığımına da başlanılıb. İyunun 1-nə tarlalardan 155 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 2,2 dəfə çox taxıl, 172,5 min ton (27,3% çox) kartof, 247,4 min ton (14% çox) tərəvəz, 16,6 min ton (26,7% çox) meyvə və giləmeyvə, 321,4 ton (9% az) çay yarpağı yığılıb.
2018-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 4,6% artıb.*
Ə.Məmmədov