ATƏT-in Minsk qrupunun həmsədrləri iyunun 20-də Vaşinqtonda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında aparılmış danışıqların yekunlarına dair birgə bəyanat yayıblar. Vasitəçilər bəyanatlarında Bakı və Yerevanı əsaslı danışıqlar üçün əlverişli mühitin bərpasından ötrü təcili tədbirlər görməyə çağırıblar.
“Vasitəçilər tərəfləri təkidlə əsaslı danışıqlar üçün sülhə uyğun əlverişli mühitin bərpasından ötrü təcili tədbirlər görməyə, təmas xətti və beynəlxalq sərhədlər boyunca snayperlərdən istifadə və mühəndis qurğularının quraşdırılması kimi əməllərdən çəkinməyə çağırıblar”, - deyə bəyanatda bildirilir.
Müzakirələr zamanı tərəflər bölgədə baş verən son hadisələr və nizamlanma prosesinin əsas məsələləri barədə fikir mübadiləsi aparıblar. XİN başçıları vasitəçilərin regiona son səfərləri zamanı təklif etdikləri humanitar və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi ilə bağlı gözlənti və mövqelərini ifadə ediblər.
“Xarici işlər nazirləri yaxın vaxtlarda həmsədrlərin vasitəçiliyi ilə növbəti görüşün keçirilməsi barədə razılığa gəliblər”, - deyə bəyanatda qeyd olunur.*
Ə.Məmmədov