2019-cu ilin yanvar-may aylarında Azərbaycanda 926 ədəd minik avtomobili istehsal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“2018-ci ilin müvafiq dövrü ilə müqayisədə avtomobil istehsalı 7,1 dəfə artıb. Bu artım ötən ilin aprel ayında Azərbaycanda minik avtomobillərinin istehsalnın bərpa olunması ilə əlaqədardır”, - deyə məlumatda bildirilir.
Cari ilin yanvar ayında 89 ədəd, fevralda 87 ədəd, martda 107 ədəd, apreldə 153 ədəd, mayda 490 ədəd avtomobil istehsal olunub.
1 iyun 2019-cu il tarixinə anbarlarda 297 ədəd avtomobil var.
Cari ilin yanvar-may aylarında Azərbaycanda 631 ədəd müxtəlif təyinatlı traktor (artım 0,2%) istehsal olunub. İyunun 1-nə anbarlarda 312 ədəd traktor var.
Hazırda Azərbaycanda (Neftçala, Gəncə və Naxçıvanda) avtomobil istehsalı üzrə 3 zavod fəaliyyət göstərir. Eyni zamanda, Gəncə avtomobil zavodunda kənd təsərrüfatı texnikası da istehsal olunur. Bu gün avtomobil istehsalı yalnız Neftçala avtomobil zavodunda həyata keçirilir.
Orta müddətli perspektivdə Azərbaycanda ildə 5 min ədəd avtomobil istehsal edilməlidir.*
B.Rüstəmbəyov