2019-cu ilin yanvar-aprel aylarında Avrasiya nəqliyyat dəhlizi (TRACECA) çərçivəsində Azərbaycan ərazisi ilə yük daşımalarının həcmi 16 mln. 861,4 min ton təşkil edib ki, bu da 2018-cı ilin analoji dövrünün göstəricisindən 1,3% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə dəhliz çərçivəsində 4 mln. 257,1 min ton yük və ya bütün yükdaşımaların 25,2%-i dəmir yolu nəqliyyatı (2018-ci ilin yanvar-aprel ayları ilə müqayisədə artım 6,6% - İF), 10 mln. 834,8 min tonu və ya 64,3%-i avtomobil nəqliyyatı (artım 2,4%), 1 mln. 769,5 min tonu və ya 10,5%-i dəniz nəqliyyatının payına düşüb (azalma 29,2%).
2018-ci ildə TRACECA çərçivəsində Azərbaycan ərazisi ilə 52 mln. 673,9 min ton yük, o cümlədən 9 mln. 344,8 min ton (17,7%) tranzit yük daşınıb.
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (Avropa İttifaqının TRACECA proqramı) Frankfurtu (Almaniya) Şanxayla (Çin) birləşdirir.
Proqramın iştirakçıları Azərbaycan, Ermənistan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Ukrayna, Moldova, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Əfqanıstandır.**
N.Abbasova