İyunun 25-dən 30-dək Moskvada keçiriləcək “ARMY-2019“ V Beynəlxalq Hərbi-Texniki Forumda Azərbaycan öz istehsalı olan silah və hərbi texnikadan ibarət stendlə təmsil olunacaq. Bu barədə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Nazirliyin müəssisələrində istehsal olunan 30 millimetrlik 2A42 topu və 7.62 millimetrlik “Yırtıcı” yarımavtomat snayper tüfəngi xaricdə keçirilən beynəlxalq sərgidə ilk dəfə nümayiş etdiriləcək”, - deyə məlumatda bildirilir.
“Milli pavilyonda, həmçinin snayper tüfəngləri, avtomatlar, tapançalar, hücum pulemyotları, qumbaraatanlar, pilotsuz uçuş aparatları, minaatanlar, müxtəlif çaplı döyüş sursatları və digər məmulatlar nümayiş etdiriləcək.
“Sərgi çərçivəsində nazir müavini Yəhya Musayev Rusiya Federasiyasının dövlət və hökumət nümayəndələri, sərgidə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və aparıcı şirkət nümayəndələri ilə görüşlər keçirəcək. Görüşlərdə hərbi-texniki sahədə əlaqələrin inkişaf etdirilməsi və yeni birgə layihələrin reallaşdırılması istiqamətində danışıqların aparılması nəzərdə tutulur”, - deyə məlumatda qeyd olunur.*
R.Babayev