Milli Məclisin nümayəndə heyəti Strasburqda AŞPA-nın yay sessiyasında iştirak edəcək. Bu barədə parlamentin mətbuat xidmətindən məlumat verilib.
“Gələn həftə keçiriləcək sessiyada Azərbaycan nümayəndə heyətinə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov başçılıq edəcək”, - deyə məlumatda bildirilir.
Sessiyada uşaqlara qarşı zorakılığın aradan qaldırılması üçün Avropa Şurasının köməyi, Bolqarıstan ilə postmonitorinq dialoqu, Suriya probleminin siyasi həlli üçün perspektivlər və digər mövzularda fikir mübadiləsi aparılacaq.
“Tədbirdə Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyevanın sosial komitənin rəy üzrə məruzəçisi kimi “Miqrant uşaqlara qarşı zorakılığın və istismarın qarşısının alınması mövzusunda” məruzə barədə fikirləri dinləniləcək”, - deyə məlumatda qeyd olunur.*
R.Babayev